Saturday 30 May 2020


Tarix və siyasət: 1918-ci ildə və bugün!

Azərbaycan Prezidenti İlham Əliyevin Mayin 28-də yaşayış kompleksinin açılışı zamana məcburi köçkünlər qarşısında Azərbaycanın işğal edilmiş ərazilərini azad etməkdə qətiyyət göstərəcəyini  və İrəvanın Ermənistana verilməsini tarixi səhv olduğunu qeyd etməsi həmkarım, tanınmış tarixçi Professor Solmaz Rüstamova-Tohidinin dərin tarixi düşüncələri ilə feysbukda bölüşməsinə səbəb oldu. Növbəti dərin tarixi təhlil üçün gözəl tarixçi və publisist Solmaz xanıma təşəkkür bildiməyimlə yanaşı bəzi əlavə düşüncələrimi də ona və onun oxucularına çatdırmaq istəyirəm.

Adətən tarixçilərin əsas qayəsi tarixi hadisələri indiki siyasətin təsirindən ayırmaq olur. Bu yazıda Solmaz xanım ustalıqla əks tədbir gördü – XX əsrin hadisələrini gerçək siyasət kimi canlandırdı. Yazıdan siyasi sayıqlıq və məsuliyyət, tarixi uzaq görənlik və şəxsi cəsarətin o zamanlar ADR rəhbərlərin fəaliyyətində bir biri ilə nə cür qovuşmasını tam  təsəvvür etmək olur. Hərəkət liderlərin nə qədər yetkin, siyasi zəka və vətən ideyasına sadiqliyini canlı şəkildə görürük.

Siyasətçinin tarix qarşısında məsuliyyəti keçmişi canlandırmaq deyil, gələcəyi düşünməsi deməkdir, prioritet məqsədləri duymaq və onlardan ötrü qabaqlayıcı tədbir görmək deməkdir, taktiki addımlarla strateji məqsədləri vahid sistemə gətirmək deməkdir. Müstəqilliyimiz, dövlətimiz və paytaxtımız qəti şəkildə qərarlaşmasını və gerçəkləşməsini gözləyirdi. Xəritədə bunların qoyulmsından da çətin vəzifə, o dəyərlərin siyasi düşüncə və məsuliyyətli siyasi addımlara daxil edilməsi olmuşdu. Nəticədə ilhaqçılar, Azərbaycançılar və milli sosial-demokrat düşüncəli siyasətçilər vahid siyasi iradə ortaya qoydular və müstəqil dövlətçiliyə birgə mövqe və səyləri ilə yol açdılar.  

Müstəqilliyimizin nə qədər kövrək olmasını, ona dəstək olmuş türk ordusunun Bakıdan cıxmasından sonra, paytaxtımıza daxil olmuş Britaniya hərbi rəhbərliyinin bayrağımızı salmaqda görmək olar. İngilislərin Bakıya 17 noyabr 1918 ildə gəlişlərindən 27 dekabrda Fətəli xan Xoyskinin hökmətinə dəstək olmaqları haqqında general Tomsonun bəyanatına qədər Solmaz xanımın yazısında qeyd edilmiş 40 gün ərzində Britaniya hərbi rəhbərliyin mövqesində dəyişikliyə səbəb nə ola bilərdi?
Əlbəttə Denikinin gələcək məğlubiyyətinə dəlalət edən göstəricilər bəlkə təcrübəli siyasətçilərin gözündən qaçmırdı, halbuku Denikin ordusunu yaxın gələcəkdə hələ də müəyyən hərbi uğurlar gözləyirdi. 

Rus generalın öz xatirələrindən nəticə çıxarmaq olur ki, Azərbaycan höküməti rus icmasının nüfuzlu və böyük hissəsini öz tərəfinə çəkə bilmişdi. Eyni zamanda erməni icması və dəstələrinin iddialarının qarşısını almaqlarına baxmayaraq ADR hökümətinin onlara qarşı bir vətəndaş olaraq yiyə durmağa hazır olmaqları da ingilislərə bəlli oldu. Elə bu səbəblərdən general Tomson Azərbaycan üzərində qanuni hakimiyyət  kimi Fətəli xan Xoyskinin hökümətini tanıdığını bəyan etdi. Beləliklə Denikin ordusunun  Azərbaycanı işğal etməsi təhlükəsi aradan qalxdı, halbuki rus generalı öz xatirələrdində qeyd edir ki, Azərbaycanı tutmaq onun üçün cox asan tədbir olacaqdı, lakin nəticədə Ağ hərəkatının əsas məqsədləri təhlükə altında qalacaqdı. Bu təhlükənin onun üçün yaradan ADR hökümətinin 40 gün arzindəki nailiyyətləri oldu. Bu nailiyyətlər sırasında Denikinə qarşı Gürcüstanla əməkdaşlıq haqqında saziş, və ən əsas müxtəlif yönlü siyasi elita qrupların müasir millət zəminində bir birinə yaxınlaşması, vahid mühit yaratması oldu.

Mən hətta cəsarət edib, deyərdim ki, bu mühitin yaradılması ADR qoyduğu uzun müddətli dəyəri olan mirası idi. Bu mirasın olması səbəbindən Nəriman Nərimanov cox calışdı ki, ADR-dan qalmış qüvvələri rus bolşevik qəsbkarlağından xilas etsin, Vətənin xidmətində saxlasın. ADR-ın Bakını paytaxt kimi qazanması Sovet ordusu gəldikdən sonra Nəriman Nərimanova imkan verdi ki, S.Kirov və S.Orconikidzenin Bakını Rusiya Federasiyasına daxil edilməsi planlarına son qoysun.

ADR və Fətəli xan Xoyski hökümətinin bir başqa mühüm siyasət prinsipi və dəyəri də o idi ki, Cənubi Qafqaz hökümətləri təhlükəsizlik problemlərini birgə həll etməli olsunlar. Bu düşüncə ilə onlar Qərbdə özlərini müsbət tərəfdən tanıtdırdılar. Bu düşüncə sahibləri kimi də A.Topçubaşı nümayəndəliyi ABŞ prezidenti Vudro Vilsonun xatirəsində qaldılar. Demək lazımdır ki, Azərbaycan tarixi ilə maraqlanmağa başlayan Qərb alimləri ADR rəhbərlərin və dövlət təcrübəsinin nə dərəcədə böyük nailiyyatlərə sahib olmasını etiraf və təqdir edir və öz yazılarında qeyd edirlər. ABŞ Prinston Universitetinin professoru Maykl Reynoldsun “Hope from a Century Past: The Azerbaijan Democratic Republic, the First Parliamentary Republic of the Muslim World” (https://www.fpri.org/article/2019/05/hope-from-a-century-past-the-azerbaijan-democratic-republic-the-first-parliamentary-republic-of-the-muslim-world/)   və Fransada fəaliyyət göstərən gürcüstanlı alim Giorgi Mamoulianın  Azerbaijan and the Transcaucasian Democratic Federative Republic: historical reality and possibility” (https://www.tandfonline.com/doi/full/10.1080/23761199.2020.1712901) son zamankı yazılarını göstərmək olar.

 Ayrı duran məsələ Xoyski hökümətinin bu geniş siyası qayğılar və məqsədlərə yönəlik addımlarını qarşı tərəfin nə cür dərk etməsi, qəbul etməsi idi. Məlumdur ki, Fətəli xan Xoyski Tiflisdə erməni terroçusu tərəfindən qətlə yetirilmişdir. Bu ondan mı xəbər verir ki, Fətəli xan  təcrübəsiz sadəlöv düşüncəli siyasətçi imiş? Xeyr! O, prinsiplərinə dərin məsuliyyət və siyasi savad və bacarıq sahibi, uzaq görən siyasətçi imiş. Müəyyən anti-bolşevik, Rusiya iddialarına qarşı özünü göstərmiş siyasətçi, Qızıl ordunun daxil edilməsi ərəfəsində Azərbaycanda siyasi səhnəni tərk edir, bolşeviklərin irəliləməsini saxlamaq imkanı olmayan hökümətin onlarla ünsiyyat yaratmaq imkanı olan hökümət nümyəndələrinin əl-qolunu sərbəst qoyur  ki, uçuruma apran prosesin quyruğunda deyil qabağında gedib müstəqil dövlət qatarını yana cevirmək, qorumaq mümkün olsun. Bu insanlar dövlətimizin yaşanması üçün hər şeyi – öz həyatlarını, ailə üzvlərinin təhlükəsizliyini, -  qurban verməyə hazır idilər.   Təkcə rus yazıçısı O.V.Volkovun sürgün edilmiş sıravi musavatçılar haqqında xatirələrini oxumaq kifayətdir ki, bu insanların daxili aləmi,  dəyərləri və istirablarını dərk etmək mümkün olsun. Bunların xatirəsi qarşısında baş əyirik! Onların məsləki ilə getməyə çalışmalıyıq.

Prezidentimizin son bəyanatına gəldikdə isə, əvvəl onu aydınlaşdırmalıyıq ki, onun sözlərini tarixi hadisələrin kontekstinə qoymaq yenə də siyasətlə tarixin qarışdırmasına gətirir. Bu bəyanat Ermənistanla münasibətlərin indiki siyasi durumu konteksintə şərh edilməlidir. Bu bizim araşdırma sahəmiz olmasa belə, bəzi fikirləri bildirmək münasib olardı.  

Təəssüflər olsun ki, Ermənistanın yeni baş nazirinin son bəyanatları indiyə qədər cüzi olan sülh danışıqları nailiyyətlərinin də üstündən xətt çəkməsi kimi dəyərləndirilir. Hətta Azərbaycanın kənarında da bəzi şərhçilər bu bəyanatları Azərbaycana hərb etmək üçün hüquqi və mənəvi əsas verməsi kimi hesab edirlər. Bir başqa hərbi araşdırma mütəxəssisləri ehtimal edilən hərbi əməliyyatları təkçə Qarabağ hərbi teatrında deyil, bütün Ermənistanla sərhədlər boyu aparılmasını hərbin məntiqə uyğun sayır və ehtimal edir. Hələlik siyasi qarşıdurma kəskinləşməsi müşahidə edilir. Tarixi məsələlər, o cümlədən İkinci dünya müharibəsi hadisələrinə müraciət edilir. Prezidentin sözləri iki məqsəd daşıya bilər: Ermənistanı donmuş vəziyyətdə olan sülh danışıqlarına daha sağlam mövqe ilə təkrar qaytarmaq, yaxud, eyni zamanda hərbi əməliyyatların iri miqyaslı müharibəyə cevrilməsi haqqında xəbərdarlıq etmək.

No comments:

Post a Comment